REGİONLAR
Xaçmazda 3x3 basketbolu üzrə zona yarışında 10 komanda mübarizə aparır VİDEO
Xaçmaz, 27 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda yeniyetmə oğlanlar arasında 3x3 basketbolu üzrə Respublika çempionatının zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 13-15 yaşlı oğlanlar medallar uğrunda mübarizə aparır. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komanda qatılıb.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkil etdiyi yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.
İki gün davam edəcək zona birinciliyində ən yüksək nəticə göstərən iki komanda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Yarışların əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, basketbol idman növünün məktəblilər arasında təbliği və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.