REGİONLAR
Xaçmazda Beynəlxalq Muzeylər Günü qeyd olunub
Xaçmaz, 18 may, Elxan Yusifli, AZƏRTAC
Beynəlxalq Muzeylər Gününün məqsədi ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə yönəltməkdir. Bu bayram xalqlar arasında mədəni mübadilələrə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən "Misli olmayan xəzinə" adlı tədbirdə bildirilib.
Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin təsis etdiyi "Muzeylər mədəniyyət mərkəzi kimi - ənənələrin gələcəyi" mövzusunu əhatə edən tədbirdə Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrinin genişlənməsindən, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilməsindən danışılıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov və başqaları çıxışlarında əlamətdar günün yaranma tarixindən danışıb, muzey işçilərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə rayon muzeylərinin uğurlu fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi regionda "İlin muzeyi" adına layiq görülüb.
Çıxışlardan sonra tədbir iştirakçıları muzeyin fəaliyyətini əks etdirən fotostendlə tanış olub, rayon məktəblərindəki dərnək üzvlərinin rəngarəng mahnı və rəqslərini izləyiblər.