REGİONLAR
Xaçmazda İkinci Dünya müharibəsinin 97 yaşlı iştirakçısı ilə görüş keçirilib
Xaçmaz, 8 may, Elxan Yusifli, AZƏRTAC
Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində İkinci Dünya müharibəsinin iştirakçısı 97 yaşlı Məhəmməd Məmmədov evində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi veteranı təbrik edərək, ona xoş arzularını çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Hər il ölkə başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilir.
İkinci Dünya müharibəsinə yollanan 8539 xaçmazlıdan 3400 nəfərə yaxını geri qayıtmayıb. Müharibəsində iştirak edən xaçmazlılardan yalnız biri yaşayır.
İkinci Dünya müharibəsinin iştirakçısı Məhəmməd Məmmədov xatirələrini danışaraq, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda veterana rayon icra hakimiyyəti tərəfindən hədiyyələr və sovqat təqdim olunub.