REGİONLAR
Xaçmazda “Şaka” ləqəbli narkotacir saxlanılıb
Xaçmaz, 13 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.