REGİONLAR
Xaçmazda xalça istehsalı müəssisəsinin tikintisinə başlanılıb VİDEO
Xaçmaz, 2 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Azərxalça” ASC-nin istehsalı müəssisəsinin tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, birmərtəbəli binada toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb və digər xidməti otaqlar yerləşəcək. Hazırda müəssisənin özülünün tikintisi aparılır. Rayonun Qaradağ Buduq kəndində inşa olunan istehsal müəssisəsinin ümumi sahəsi 1051 kvadratmetrdir.
İş icraçısı Ümid Musazadə bildirib ki, tikinti işləri 2017-ci ildə yekunlaşdırılacaq. İstehsal müəssisəsinin inşası başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək.
“Azərxalça” ASC-nin Xaçmaz rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda da filial binalarının tikintisi davam etdirilir.
“Azərxalça” ASC-nin ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunda açılıb.