REGİONLAR
Xaçmazlı futbolçular Respublika turnirinin zona yarışlarının qalibi olub
Xaçmaz, 2 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı futbolçular yeniyetmə oğlanlar arasında Respublika turnirinin zona yarışlarının qalibi adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkil etdiyi yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə medallar uğrunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komanda mübarizə aparıb.
İki gün davam edən zona birinciliyində finala Xaçmaz və Qubanın yeniyetmə futbolçuları vəsiqə qazanıb. Gərgin keçən final matçının əsas vaxtı 2-2 hesabı ilə başa çatdığından, qalib penalti zərbələri ilə müəyyənləşib. Bu mərhələdə daha üstün olan xaçmazlı yeniyetmələr çempionluğu bayram edib. Bununla belə hər iki komanda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Yarışların əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, futbol idman növünün məktəblilər arasında təbliği və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.