REGİONLAR
Xaçmazlı gənclər “Dəmir Yumruq” intellektual yarışının qalibi olub
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı gənclərdən ibarət “İstiqlal” komandası “Dəmir Yumruq” intellektual yarışının zona mərhələsinin qalibi adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Zoom” platforması üzərindən onlayn formada təşkil olunan yarışda Sumqayıt, Abşeron, Quba, Qubadlı, Xaçmaz, Siyəzən və Xızını təmsil edən 16 komanda tərkibində 64 gənc mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın Zəfər tarixinin, 44 günlük Vətən müharibəsinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Yarışın qalibi olan xaçmazlı gənclərdən ibarət “İstiqlal” komandasının üzvlərinə kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
İntellektual yarışın qaliblərinin təltif edilməsi mərasimində çıxış edən Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov ölkəmizdə və rayonda uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, yarışın əhəmiyyətindən danışaraq komandanın üzvlərini təbrik edib.