REGİONLAR
Xaçmazlı kinosevərlər Azərbaycan Kinosu Gününü qeyd ediblər
Xaçmaz, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 2 avqust - Azərbaycan Kinosu Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Xaçmaz rayonunda çəkilən filmlərdən fraqmentlər, xaçmazlı aktyor Nadir Əsgərov (Nuruşbala) haqqında süjet, xaçmazlı kinorejissor Asif Abramovun çəkdiyi film və seriallardan fraqmentlər, həmçinin həmin filmlərdə rol alan aktyorlar haqqında kadrlar nümayiş etdirilib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova çıxış edərək ölkəmizdə kino sənətinin yaranma və inkişaf tarixindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Azərbaycan kinosu bu il 123 yaşını qeyd edir.
Çıxış edənlər Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edib, onlara uğurlar arzu ediblər.