REGİONLAR
Xalq Cümhuriyyəti xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi
Şamaxı, 28 may,AZƏRTAC
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Cəmi 23 aylıq fəaliyyəti dövründə Cümhuriyyət xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şamaxıda 28 May - Respublika Günü münasibətilə keçirilən videokonfransda səsləndirilib.
Ziyalıların, gənclərin qatıldığı videokonfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və başqaları Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk parlamenti və hökumətinin, dövlət aparatının təşkil edildiyini, bayrağının, himninin və gerbinin qəbul olunduğunu, ana dilimizin dövlət dili elan edildiyini, ordu quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirildiyini, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, həmin dövrdə Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın mədəni yüksəlişi üçün zəmin hazırlanıb, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.
Videokonfransda Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyi diqqətə çatdırılıb, Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolu barədə ətraflı danışılıb. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etdiyi bildirilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamın, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin milli dövlətçilik tariximizə olan diqqət və qayğının bariz göstəricisi olduğu diqqətə çatdırılıb.