REGİONLAR
“Xalq ordunun, ordu xalqın dayağıdır” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
Beyləqan, 25 oktyabr, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşləri şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yeniyetmə və gənclər arasında tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “N” saylı hərbi hissədə “Xalq ordunun, ordu xalqın dayağıdır” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Təntənəli mərasimdə QHT əməkdaşları, Qarabağ müharibəsi veteranları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Məmmədhəsən Həsənov, Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova, “Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu və başqaları tədbirdə çıxış edərək, xalqımızın döyüş və vətənpərvərlik ruhundan, Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, düşmənin cəbhədə təxribat xarakterli hərəkətlərinə layiqli cavab verilməsindən danışıblar. Vurğulanıb ki, Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt razılaşmayacaq. Xalq və ordunun birliyi sayəsində respublikamızın ərazi bütövlüyü təmin olunacaq.
Tədbir incəsənət ustalarının və hərbi hissənin özfəaliyyət dərnəyinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.