REGİONLAR
Xankəndi və Xocalıdan olan məcburi köçkünlərə dövlətin güzəştli kreditləri verilib
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüzə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - kiçik cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin, quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Tədbirdə bu investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, qurumun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Diqqətə çatdırılıb ki, indiyədək 1425 məcburi köçkün sahibkara 34 milyon manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin ötən dövrü ərzində 225 məcburi köçkün sahibkara 8,2 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib. Bu kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,9 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndi və Xocalıdan olan 58 məcburi köçkün sahibkara 382 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Kreditlər, əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
İşgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb