SİYASƏT


Xarici İşlər Nazirliyi: Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərimizdə 261 min hektar meşə sahəsi məhv edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti 6 noyabr - Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada 2001-ci ildən etibarən BMT Baş Assambleyasının 6 noyabr tarixini müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü elan etdiyi bildirilir. Qeyd edilir ki, Ermənistanın hərbi təcavüzü Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə, bölgənin ekoloji durumuna ciddi ziyan vurub, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb. Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 Şərq çinarı məhv edilib. Eyni zamanda, bu ərazilərdə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən genişmiqyaslı çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan çox əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su altında qalması üçün istifadə edir, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır. Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.

Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir. İşğal olunmuş ərazilərin təbii sərvətləri istismar edilən zaman ətraf mühit standartlarına riayət olunmur və nəticədə ətraf mühitə də ciddi zərər vurulur.

Beynəlxalq hüququn müvafiq müddəalarına və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq, işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühiti və təbii sərvətləri istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeni bir daha bariz şəkildə nümayiş etdirir.

Beynəlxalq ictimaiyyət, xüsusilə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə və təbii ehtiyatların, ətraf mühitin istismarına bu və ya digər şəkildə, fiziki və hüquqi şəxslərin iştirakı ilə cəlb olunan ölkələr beynəlxalq hüququn ciddi pozulması halının davam etdirilməsinə hər hansı şəkildə yardım etməkdən çəkinməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.