REGİONLAR


Xarici diplomatlar Lənkəranın sosial-iqtisadi inkişafı və turizm potensialı ilə tanış olublar VİDEO

Lənkəran, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinə səfər çərçivəsində Astara rayonu ilə tanışlıqdan sonra noyabrın 28-də Lənkərana gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq, o cümlədən cənub bölgəsində həyata keçirilən sosial-iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumat almaq məqsədilə həyata keçirilən səfərdə diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib.

Diplomatların Lənkəranla tanışlığı Olimpiya İdman Kompleksindən başlayıb. Bildirilib ki, Lənkəran Olimpiya İdman Kompleksi bu il oktyabrın 15-də istifadəyə verilib və açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, region gənclərinin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə, idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.

Qonaqlar kompleksdə idmançılarla söhbət ediblər.

Diplomatik nümayəndəliklərin rəhbərləri sonra Heydər Əliyev Xatirə Parkına gəliblər. Parkın ərazisini gəzəndən sonra onlar Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin (Xan evi) eksponatları ilə tanış olublar.

Növbəti ünvan şəhərin Qala xiyabanı olub. Qonaqlar burada Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri və digər kənd təsərrüfatı məhsullarından, yerli ustaların sənətkarlıq nümunələri və uşaq rəssamlıq məktəbi yetirmələrinin əl işlərindən ibarət sərgilərlə, eləcə də rayonun turizm potensialını əks etdirən buklet və fotostendlərlə tanış olublar.

Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar və rəqslər, şəhər uşaq tərbiyə müəssisələri fidanlarının ifa etdikləri şən nəğmələr qonaqlarda xoş duyğular oyadıb.

Daha sonra qonaqlar “Boranı” restoranında çay dəsgahına dəvət ediliblər.

“Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanışlıq da diplomatik nümayəndəliklərin rəhbərlərində zəngin təəssüratlar yaradıb. Məlumat verilib ki, bu istehsal müəssisəsi bu il oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Ümumi sahəsi 1249 kvadratmetr olan filialda 150-yə yaxın toxucu çalışır. Zəruri xammal, müxtəlif ləvazimat və alətlərlə təmin edilən emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Müəssisədə çalışan toxucular Lənkəran sakinləridir. Onlar “Azərxalça”nın təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Çəltik emalı zavoduna gələn qonaqlar istehsal prosesini izləyib, işçilərlə görüşüblər. Diqqətə çatdırılıb ki, çəltikçilik rayonda aqrar sahənin aparıcı istiqamətlərindən birini təşkil edir. Rayonda çəltik əkininin həcmi ilbəil artır.

Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitdən də məmnun qalıblar.

Rayonun İstisu qəsəbəsində “Yaşıl çay” MMC-nin çay plantasiyaları ilə tanışlıq da maraqlı keçib. MMC-nin rəhbəri Araz Yağubov təsərrüfatın qazandığı uğurlar barədə məlumat verərək bildirib ki, Lənkəran çayı tərkibinə və keyfiyyət xüsusiyyətlərinə görə həmişə fərqlənib. Sahələrin suvarılması müasir çiləmə üsulundan istifadə edilməklə həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.

İstisu və Sağlamlıq Mərkəzində yaradılmış şərait də diplomatik nümayəndəliklərin rəhbərlərində maraq doğurub. Məlumat verilib ki, yaxın aylarda tam gücü ilə istifadəyə veriləcək kompleksdə otel, tibb mərkəzi, müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Buradakı ikimərtəbəli tibb mərkəzi müasir avadanlıqlarla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər.

Qonaqların diqqətinə çatdırılıb ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub.

Diplomatlar Hirkan qəsəbəsindəki sitrus bağları, Hirkan Milli Parkı və Xanbulançay dəryaçası ilə də tanış olublar.

Səfər çərçivəsində, həmçinin Lənkəranın qida və kənd təsərrüfatı məhsullarının ixrac potensialı ilə bağlı təqdimatlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.