DÜNYA
Xarici ölkələrə yatırılan investisiyaların həcminə görə Çin dünyada ikincidir
Pekin, 8 iyun, AZƏRTAC
Çin Xalq Respublikası ötən il xarici ölkələrə yatırılan birbaşa investisiyaların həcminə görə ABŞ-dan sonra ikinci olub.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) dünya investisiyalarına dair hazırladığı hesabatda qeyd olunur ki, ötən il qlobal investisiyalar 2 faiz azalaraq 1,75 trilyon ABŞ dolları səviyyəsinə enib. Xüsusən də xarici investisiyalarda liderlik edən ABŞ-ın payı əvvəlki illə müqayisədə azalaraq 299 milyard dollar olub.
Sinxua agentliyi UNCTAD-ın hesabatına istinadla yazır ki, dünya üzrə xarici investisiyaların azalması fonunda Çinin bu istiqamətdə payı artıb. Belə ki, ötən il Çinin xarici ölkələrə birbaşa investisiyaları 44 faiz artaraq 183 milyard dollar olub. Bununla da Çin Niderland və Yaponiyanı üstələyərək ikinci yerdə qərarlaşıb. Hesabatda deyilir ki, ötən il iqtisadiyyatına 134 milyard dollar sərmayə qoyulan Çin bu göstərici üzrə ABŞ və Böyük Britaniyadan sonra üçüncüdür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin