İQTİSADİYYAT
Xarici sərmayələr hesabına respublika yollarının yenidən qurulması işləri davam etdirilir
Bakı, 19 fevral (AZƏRTAC). Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən xarici sərmayələr hesabına Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu layihəsi üzrə tikinti işləri və Quba-Qusar avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bəhramtəpə layihəsinin icrası istiqamətində işlər görülür. Layihə çərçivəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri aparılır.
Bununla yanaşı, Bakı-Şamaxı avtomobil yolunun 15-45-ci kilometr hissəsinin əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi layihəsinə də başlanılmışdır. Yevlax-Gəncə avtomobil yolunun əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi işləri isə başa çatmaq üzrədir.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması üçün texniki iqtisadi əsaslandırmanın hazırlanması həyata keçirilmişdir.