Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası

Azərbaycan Respublikası Prezidentinin 
2018-ci il 21 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 1.7-ci bəndinə əsasən hazırlanmışdır və xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası məsələlərini tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi – bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (bundan sonra – şəxs);

1.3.2. “Ticarətin Asanlaşdırılması Mərkəzi” – xarici ticarət iştirakçılarına daha yüksək xidmət göstərilməsi üçün asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər xidmətlərin vahid məkanda, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası.

2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi

2.1. Aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

2.1.1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;

2.1.2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

2.1.3. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

2.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra – anbar) istifadə edən;

2.1.5. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

2.2. Bu Qaydanın 2.1.2-ci, 2.1.3-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulan tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.

2.3. Şəxsin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayır. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə idxal-ixrac əməliyyatları üzrə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə isə yalnız ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir.

2.4. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. şəxs bu Qaydanın 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

2.4.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

2.5. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərar qəbul etdikdə, onun səbəbləri göstərilməklə ərizəçiyə 1 (bir) iş günü ərzində elektron qaydada bildiriş göndərilir.

2.6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtinaya əsas olmuş səbəblər aradan qaldırıldıqdan sonra şəxs bu Qaydaya uyğun olaraq yenidən Komitəyə müraciət edə bilər.

2.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə gömrük orqanına dərhal məlumat verməlidir.

2.8. Şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə, həmçinin Komitənin Apellyasiya Şurasına, Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.

2.9. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsi, dayandırılması, ləğvi və ya bərpası barədə qərar qəbul olunduqda, bu barədə aidiyyəti qurumlara məlumat verilir.

3. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinə verilən üstünlüklər

3.1. Bu Qaydaya uyğun olaraq “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxs aşağıdakı üstünlüklərə malik olur:

3.1.1. malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;

3.1.2. gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;

3.1.3. gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;

3.1.4. malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;

3.1.5. gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;

3.1.6. gömrük işi sahəsində yeniliklər, ən yaxşı təcrübələr, habelə beynəlxalq təşkilatların tövsiyə və standartları ilə bağlı təşkil edilən təlimlərdə iştirak.

3.1.7. idxal zamanı:

1. idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması;

2. gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması;

3.1.8. ixrac zamanı:

1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi;

2. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq etməsi.

3.2. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinə bu Qaydada nəzərdə tutulmuş üstünlüklərin verilməsi şəxsləri gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər məsuliyyət və öhdəliklərdən azad etmir.

4. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin üstünlüklərdən istifadəsinə dair tələblər

4.0. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 3-cü hissəsində göstərilən üstünlüklərdən istifadə etmək üçün aşağıdakı tələbləri yerinə yetirməlidir:

4.0.1. idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

4.0.2. idxal olunan malların şəxsin anbarlarına çatması barədə məlumatı əks etdirən elektron bildirişi gömrük orqanlarına dərhal göndərmək;

4.0.3. ixracı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini ixrac olunan malların nəqliyyat vasitəsinə yüklənməsindən ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

4.0.4. idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatları (çeşidi, sayı, texniki göstəriciləri, təyinatı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodu və dəyəri) gömrük orqanlarına bəyan etmək;

4.0.5. idxal əməliyyatlarında mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatı vermək;

4.0.6. malların daşınmasını kənar müdaxilənin mümkün olmadığı təhlükəsiz nəqliyyat vasitəsilə həyata keçirmək.

5. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası

5.1. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

5.1.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə;

5.1.2. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2 – 2.1.4-cü yarımbəndlərində, ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan tələblərə riayət etmədikdə.

5.2. Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda 3 (üç) ay, 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş halda isə ərizədə göstərilən müddətə (lakin 12 (on iki) aydan çox olmamaqla) dayandırılır.

5.3. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 (otuz) gün əvvəl şəxsə məlumat verməlidir.

5.4. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu Qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 (bir) iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

5.5. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

5.5.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə;

5.5.2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə;

5.5.3. hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə;

5.5.4. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda;

5.5.5. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə;

5.5.6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda.

5.6. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 (otuz) gün əvvəl məlumat verməlidir.

5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 (altı) ay sonra (bu Qaydanın 5.5.5-ci yarımbəndində nəzərdə tutulan halda məhkumluq ödənildikdən və ya götürüldükdən sonra) yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

5.8. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin