CƏMİYYƏT
Xətai rayonunda Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin əziz xatirəsi anılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin anım mərasimi keçirilib. Anım günündə İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, qazilər və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Şəhidin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb.
Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.
Şəhid kapitan Həmid Cəfərlinin ailəsi adından çıxış edən dayısı Elmar Hüseynov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının əziz xatirəsini andıqları üçün Xətai Rayon İcra Hakimiyyətinə və YAP Xətai rayon təşkilatına minnətdarlığını bildirib.
Sonra mərasim evində şəhid kapitan Həmid Cəfərlinin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.