ELM VƏ TƏHSİL
“Xəzər dənizində suyun səviyyəsi və təsirləri” mövzusunda məruzə dinlənilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda Azərbaycan-Fransa Universiteti və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölməyə daxil olan elmi müəssisə və təşkilatların əməkdaşları, tələbələr və türkiyəli alimlər iştirak ediblər.
Seminarı Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.
Sonra Dokuz Eylül Universitetinin professoru Mustafa Ergünün “Xəzər dənizində suyun səviyyəsi və təsirləri” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Xəzər çökəkliyi dünyada insanların məskunlaşdığı ilk məskənlərdən biri sayılır və dənizdə suyun səviyyəsi hər 400 ildən bir enib-qalxdıqca burada yaşayan insanlar ətraf ərazilərə köç etmək məcburiyyətində qalıblar. Bu gün tarixi Xəzər bölgəsinin mədəniyyətinə Azərbaycan, Türkiyə, Rusiya, Türkmənistan, İran, Misir, Hindistan və Pakistanda rast gəlinir.
Mustafa Ergün məruzəsində, həmçinin Xəzər, Mesopotamiya, Misir və hindi dil qrupları, onların oxşarlığı, eləcə də tarixdəki ilk yazı mədəniyyəti haqqında məlumat verib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.