REGİONLAR
Xızıda keçirilən “Kitab bayramı”nda yerli yazarların yeni nəşrləri təqdim edilib VİDEO
Xızı, 25 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 25-də Xızı şəhərindəki Heydər Əliyev parkında təşkil olunan ənənəvi “Kitab bayramı”nda 3 mindən çox kitab nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilib.
Bayram tədbirində çıxış edənlər bildiriblər ki, ənənəvi “Kitab bayramı”nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən ibarətdir. “Kitab bayramı”nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.
Rayonun idarə və təşkilat rəhbərlərinin, kitabxana, mədəniyyət, təhsil işçilərinin və məktəblilərin iştirak etdiyi “Kitab bayramı”nda oxuculara yerli yazarların yeni nəşrləri də təqdim olunub.
Tədbir iştirakçıları kitablara həsr olunmuş bədii kompozisiyaları izləyiblər.