REGİONLAR
Xocalı faciəsi bəşər tarixində insanlığa qarşı törədilmiş ən amansız kütləvi terror hadisəsidir
Şəki, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Şəki şəhər ictimaiyyətinin nümayəndələri fevralın 26-da şəhərin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə qırmızı qərənfillər düzüb, onların xatirəsini ehtiramla yad ediblər. Xiyabana gedən yolda nümayiş etdirilən “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” və digər şüarlar mərasim iştirakçılarının mənfur düşmənə olan qəzəb və nifrətini daha da artırıb.
Xiyabanı ziyarət edənlər Xocalı qətliamının Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin ən dəhşətlisi olduğunu bildiriblər.
Həmin gün rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.