REGİONLAR
Xocalı faciəsi heç vaxt unudulmayacaq
Kürdəmir, 27 fevral, AZƏRTAC
Kürdəmirdə gənclər və idman idarəsinin və YAP rayon təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar onlayn formatda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kürdəmirdə məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələri ilə canlı bağlantı qurulan tədbirdə rayon icra hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Ağalı Kərimli və faciənin şahidləri olan xocalılar 29 il bundan əvvəl törədilən soyqırımının bəşəriyyətə və insanlığa qarşı törədilən ağır cinayət olduğunu bildiriblər. Vurğulanıb ki, bu gün Azərbaycan xalqı Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edir. Belə ki, 29 ildən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinə Zəfər tarixi kimi qızıl hərflərlə yazıldı. Ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın diz çökməsi ilə nəticələndi. Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, habelə Birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların qisası alındı.
Vurğulanıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq hər il ölkəmizdə 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” qeyd edilir və Xocalı qurbanlarının xatirəsi yad olunur. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük qətiyyət nümayiş etdirir. Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev, YAP rayon təşkilatı gənclər birliyinin sədri Rauf Abuşov və başqaları tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının ermənilər tərəfindən soyqırımına məruz qaldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, 1992-ci ilin soyuq fevral gecəsində Ermənistan silahlı birləşmələrinin Sovet İttifaqı ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı insanlığa qarşı amansızlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb.
Çıxışlarda o da diqqətə çatdırılıb ki, Xocalı faciəsi ibrət dərsi götürüləcək qan yaddaşıdır.