QAN YADDAŞI
Xocalı soyqırımı insanlığa qarşı törədilən ağır cinayətdir
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra “Xocalı” adlı sənədli film nümayiş olunub.
Akademiyanın rektoru Fuad Hacıyev 26 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı və onu yaradan tarixi səbəblər barədə məlumat verib. Rektor qeyd edib ki, xalqımızın başına gətirilən ən böyük faciələrdən biri olan Xocalı soyqırımı insanlığa qarşı törədilən ağır cinayətdir. Bu faciə hər il beynəlxalq səviyyədə yad edilir, ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutulur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir. Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının qurbanları haqqında məlumatlar mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu tədbirlər nəticəsində artıq bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb.