ELM VƏ TƏHSİL
Xocalı soyqırımı tariximizin unudulmaz səhifəsidir
Bakı, 26 fevral, AZƏRTAC
Botanika İnstitutunda Xocalı soyqırımının 29-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov açaraq Xocalı soyqırımından və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya başlanan hücumda Ermənistanın hərbi birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı iştirak edib. Həmin dəhşətli gecədə 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə girov götürülüb. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilib.
E.Novruzov 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə ilə Xocalı qurbanlarının qisasının alındığını söyləyib.
Tədbirdə Mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayeva, institutun elmi katibi Xuraman Xəlilova, elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aidə İbrahimova çıxış edərək Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu deyib, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, həmin hadisələrdən 29 il keçməsinə baxmayaraq Xocalı faciəsinin ağrı və acısı hələ də qəlblərdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən institut əməkdaşlarının vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.
Tədbirdə Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.