QAN YADDAŞI
Xocalı soyqırımına həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də M.S.Ordubadinin ev-muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Lalə Abaszadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal olunduğunu, tarixdə görünməmiş genosid aktı törədildiyini bildirib.
Tədbirdə çıxış edən professor Azər Nəbiyev, “Mədəniyyət” jurnalının redaktoru Zöhrə Əliyeva, BDU-nun müəllimi, tarixçi-araşdırmaçı Nazim Tapdıqlı, , Din Tarixi muzeyinin direktoru Minaxanım Babayeva və başqaları Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıblar. Onun bu vəhşi aksiya haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qanlı hadisənin soyqırımı kimi tanınması üçün böyük işlər gördüyünü bildiriblər. Natiqlər Prezident İlham Əliyevin Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonda Suraxanı rayonundakı 41 nömrəli və Zabrat qəsəbəsindəki 73 nömrəli məktəblərin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.