ELM VƏ TƏHSİL
Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Nazim Məmmədov erməni silahlı qüvvələrinin 27 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı əməllərdən danışıb. Qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır.
Fizika İnstitutun əməkdaşı Rəhim Ələkbərovun “Xocalı şahidlərin gözü ilə” mövzusunda məruzə ilə çıxış edib. Əslən Xocalıdan olan R.Ələkbərov canlı şahidi olduğu erməni vəhşilikləri haqqında danışıb. Qeyd edib ki, ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə ediblər. Soyqırımı zamanı 613 nəfər həlak olub. Xocalı sakinlərindən 487 nəfəri ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb.
AMEA-nın Tarix İnstitutunun Qadınlar Təşkilatının sədri Raisə Cəfərovanın “Xocalıya aparan yol” mövzusunda məruzəsində Xocalının əlverişli coğrafi şəraitindən, onun qədim türk mədəniyyətinə mənsub olmasından danışıb. O, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərdən də bəhs edib.
Digər çıxış edənlər Xocalı şəhərində törədilən vəhşiliklər haqqında söz açıblar.
Sonda Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.