QAN YADDAŞI
Xocalıya ədalət!” kampaniyası çərçivəsində Aktauda tədbir keçirilib
Aktau, 27 fevral, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbir təşkil edib.
Aktau şəhərinin “RENEISSANSE-Aktau” otelində təşkil olunan tədbirdə diplomatik nümayəndəliklərin rəhbərləri, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, digər milli-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın təmsilçiləri, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində Xocalı soyqırımına aid foto və kitablardan ibarət sərgi də təşkil olunub.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilən cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışıb.
Türkiyənin Aktau şəhərindəki baş konsulu Korhan Küngeri Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın insanlığa qarşı cinayət olduğunu qeyd edib, Xocalı soyqırımı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatını oxuyub.
Sonra Qazaxıstan Xalqları Assambleyasının Xalq Həmrəyliyi Təşkilatının sədri, Dağıstan xalqları milli mədəni cəmiyyətinin sədri Yusup Şaxşayev, professor Yusif Quliyev, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov çıxış edib, Xocalı faciəsini törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə əmin olduqlarını bildiriblər.
Tədbirdə baş konsulluq və Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” tərəfindən tələbələr arasında Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri çıxışlar ediblər.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.
Sonda iştirakçılar tərəfindən tədbirin keçirildiyi “RENEISSANSE-Aktau” otelinin önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik!” şüarları səsləndirilib və səmaya qara şarlar buraxılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau