Xorvatiya saytı Ermənistanın azərbaycanlı mülki əhalini atəşə tutmasından yazır
AzerTAg.az

Zaqreb, 28 oktyabr, AZƏRTAC
Xorvatiyanın “Zagorje” xəbər portalında Ermənistan tərəfinin ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Tərtərin qəhrəmanlığı” sərlövhəli məqalədə atəş nəticəsində mülki əhali arasında, ölən və yaralananlar barədə statistika əksini tapıb. Bildirilib ki, hücumlar nəticəsində məktəblər və mülki xəstəxanalar da daxil olmaqla, ümumilikdə 2000-dən çox yaşayış evi və inzibati bina dağıdılıb. Xüsusilə Tərtər şəhərində böyük dağıntılar törədilib.
Müəllif, eyni zamanda, vurğulayıb ki, Ermənistan dinc insanlara qarşı güc tətbiq etməklə müharibə dövründə mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını açıq şəkildə pozub. Ermənistanın bu cinayətləri dünya ictimaiyyəti tərəfindən qınanmalıdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
Xəbərin mətnində orfoqrafik səhv var