QAN YADDAŞI
Xorvatiyanın HINA milli xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Xorvatiyanın HINA milli xəbər agentliyinin internet səhifəsində AZƏRTAC-ın xüsusi müxbiri İqbal Hacıyevin “20 yanvar 1990-cı il - Azərbaycanda milli hüzn günü” sərlövhəli məqaləsi xorvat dilində dərc olunub.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verilir, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır. Həmçinin məqalədə 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanır. Ulu Öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməsi diqqətə çatdırılır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmasının da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır.