RƏSMİ XRONİKA
YAPONİYANIN BAŞ NAZİRİ DZÜNİTİRO KOİDZUMİNİN BƏYANATI
Mən səfərdə olan Prezident Əliyevi səmimi qəlbdən salamlayıram. Bu, Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyevin Yaponiyaya ilk rəsmi səfəridir. Mən tamamilə ümidvaram ki, onun hazırkı səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə və ölkələrimizin iqtisadi inkişafına xidmət edəcəkdir.
Yaponiya şirkətləri və iş adamlarının Azərbaycana maraqları gündən-günə artır. Prezidentlə keçirdiyim indiki görüş zamanı Azərbaycanın iqtisadi artımının 26 faiz səviyyəsində olmasını eşitməkdən çox məmnun oldum və bu rəqəm Yaponiyanın göstəricisindən on dəfə artıqdır. Ümidvaram ki, Azərbaycanda ticarət və sərmayələr üçün mühitin daha da yaxşılaşdırılması Yaponiyanın iştirakını genişləndirəcək və Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafına töhfə verəcəkdir.
Beynəlxalq məsələlərə gəldikdə, Azərbaycan Yaponiyanın BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyü məsələsini tam dəstəkləyir və bu dəstəyə görə biz Azərbaycana dərin minnətdarlığımızı bildirir, BMT-nin islahatı sahəsində səylərin gələcəkdə davamını arzulayırıq.
Prezident Əliyev Ermənistanla münaqişədən irəli gələn çətin vəziyyət barədə mənə məlumat verdi və biz bu problemin sülh yolu ilə aradan qaldırılmasını səmimiyyətlə arzulayırıq.
Bu gün Prezident Əliyevlə təmaslarımızı nahar zamanı davam etdirməkdən məmnunam. Mən Prezident Əliyevi bəyanatla çıxış etməyə dəvət edirəm.