REGİONLAR
“YARAT” növbəti səyyar sərgisini Şəmkirdə təqdim edib VİDEO
Şəmkir, 29 noyabr, Rauf Hacıyev, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı Şəmkirdə "Ulduzlu səmalar" adlı səyyar sərgini təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Ulduzlu səmalar" sərgisində Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd və Fərid Rəsulovun əsərlərindən təşkil edilmiş ekspozisiya nümayiş olunur.
Yenilənmiş ənənələr, fərqli dəyərlər sərginin əsas leytmotivini təşkil edir. Ənənəvi sənətlərin qəbul olunmuş kanonlarını dəyişərək/sındıraraq, rəssamlar bununla təkcə yeni vizual sənət məhsulu deyil, həm də kontekst baxımından yeni mövzulara toxunurlar. Bu mövzular çevrəsi ənənə, irs, qloballaşma, urbanizasiya, mədəni inqilab, sosial-ictimai aspektləri əks etdirir. Ekspozisiyada nümayiş olunan əsərlərin konseptləri sintez və eksperiment aparmaq marağından qaynaqlanır. Bununla belə, bu əsərlər tamaşaçını interaktivliyə dəvət edir.
Faiq Əhməd əsrlər boyu yaşayan xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək, xalçaçılıq estetikasını yenidən kəşf edib, onu müasir mədəniyyətə daxil edir. O, toxuculuq prosesini hissələrə ayırır, hazır xalçanın adi ikiölçülü, müstəvi görünüşünü dəyişib, onu üçölçülü şəkildə təqdim edir.
Ənənə mövzusunu Fərid Rəsulovun "Şəbəkə" silsiləsindən olan "Düşən ulduz" və "Quş" adlı əsərləri davam etdirir. Rəssam monumental-dekorativ memarlıq sənət nümunəsini xalçanın əsas ornamentləri ilə təqdim edir və bununla iki müxtəlif sahənin sintezini yaradır. Bu sintezin nəticəsi olaraq, sanki böyüdülmüş və havadan asılmış rəngli xalça ornamentləri formasında olan art obyektlər çıxış edir.
Aida Mahmudovanın "Məkanlar" silsiləsi rəssamın müşahidələrini əks etdirir. Bu müşahidə - araşdırmalar coğrafi yerləşmə, urbanizasiya, şəhərin ekspansiyası kimi məqamları özündə cəmləşdirib. Quş uçuşu səviyyəsindən görünən mənzərələr landşaft, xarakter və əhvala görə fərqlənir.
"Ulduzlu səmalar" sərgisinin təhsil proqramı çərçivəsində YARAT Rezidentura proqramının rəssamları Aurelien Lepetit, Yevi Joxova, Juditta Vendrame və Emil Məcnun tərəfindən ustad dərslərin keçirilməsi, o cümlədən Faiq Əhməd və Fərid Rəsulovla panel diskussiyanın aparılması nəzərdə tutulur.