CƏMİYYƏT
“YAŞAT” düşərgəsinin dördüncü həftəsi başlayıb
Bakı, 2 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin dördüncü həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu həftə düşərgədə Bakı, Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Kürdəmir, Sabirabaddan 12-14 yaş aralığında ümumilikdə 31 uşaq iştirak edir. Düşərgədə uşaqları zəngin proqram gözləyir.
Həftə ərzində onlar bir-birindən maraqlı görüşlərdə iştirak edəcək, intellektual oyunlara, ustad dərslərinə qatılacaqlar.
İlk olaraq açılış mərasimi keçirilib. Düşərgə iştirakçılarına proqram və onları gözləyən görüşlər barədə məlumat verilib.
Ardınca düşərgə iştirakçılarından olan şəhidimiz Vüsal Abdullayevin övladı Tamellanın doğum günü qeyd olunub.
Psixoloqların iştirakı ilə düşərgə iştirakçılarının bir-birini tanıması məqsədilə komanda oyunları təşkil olunub.
Sonra uşaqlar qrup halında voleybol və futbola qoşulublar.
Düşərgənin ilk günü masaüstü oyunlarla yekunlaşıb.
Qeyd edək ki, “YAŞAT” düşərgəsinin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, düşərgənin baş sponsorları “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”, sponsorlar “Paşa Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.