SİYASƏT
YENİ ŞEÇKİ MƏCƏLLƏSİ YAZ SESSİYASINDA QƏBUL OLUNACAQDIR
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr əvəzi Əli Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni “Seçki Məcəlləsi”nin parlamentdə müzakirəsi ilə bağlı problem yoxdur. Müxalifətin və bəzi beynəlxalq təşkilatların məcəllə ilə bağlı irəli sürdükləri tələblər tamam əsassızdır. Onların əsas iradları seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır ki, həmin irad və təkliflər də 2002-ci ilin parlament seçkiləri zamanı nəzərə alınmışdır. İndiki Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları da həmin təkliflər əsasında, 1\3 formatı ilə təşkil olunmuşdur. İndi o formatı inkar edib ortaya yeni təklif atmaq siyasi oyunbazlıqdır. Müxalifət yalnız siyasi tribunada qalmaq xatirinə çıxış edir və əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar da onları müdafiə edirlər. Müxalifət normal müzakirəyə ona görə qatılmaq istəmir ki, məcəlləyə əsaslı təklifləri yoxdur. Əslində yeni Məcəllə 1998-ci ilin prezident, 2000-ci ilin parlament seçkiləri ərəfəsində qəbul olunmuş qanunlar toplusunun bazasında hazırlanıb. Demək olar ki, köhnə Məcəllənin 60-a yaxın maddəsi dəyişdirilib. Dəyişikliklər də Avropa Şurası və ATƏT-in müvafiq strukturlarında müzakirə edilmiş və müsbət rəy alınmışdır. Məcəllə bütün süni maneələrə baxmayaraq parlamentin yaz sessiyasında müzakirə olunaraq qəbul ediləcəkdir.