İQTİSADİYYAT
YEVLAXDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Respublikanın maliyyə naziri Əvəz Ələkbərov müşavirəni açaraq bildirdi ki, bölgələrdə keçirilən bu tədbirlər mərkəzin bölgələrlə qarşılıqlı fəaliyyət göstərməsinə, maliyyə işlərinin şəffaflığına şərait yaradacaq, büdcə təşkilatlarının gələn ilin büdcəsi üzərində lazımi qaydada işləməyə, büdcə proqnozunu real şəkildə əks etdirməyə imkan verəcəkdir. Nazir dedi ki, 2003-cü ildə makroiqtisadi göstəricilərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, ölkə vətəndaşlarının maddi rifah halı yaxşılaşmışdır. 2004-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 110,8 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 28,2 faiz çoxdur. Natiq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə büdcə proqnozlarının, büdcə prosesinin şəffaflığının artırılması, ictimaiyyətin bu prosesə fəal cəlb edilməsi və büdcə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addım atıldığını bildirmişdir.
Nazirliyin büdcə şöbəsinin rəisi Fazil Fərəcovun məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, son illərdə respublikada ümumi daxili məhsulun həcmi, xarici ticarət dövriyyəsi, əhalinin real pul gəlirləri, əsas kapitala yönəldilmiş sərmayələrin həcmi, büdcə gəliri, orta əmək haqqı xeyli artmış, inflyasiyanın illik səviyyəsi 1-2 faiz təşkil etmişdir. Respublikamızda mövcud olan şəffaf iqtisadi durum, ümumi daxili məhsulun artım sürəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurla həyata keçirilməsi iqtisadiyyatın daha da inkişafına gətirib çıxaracaqdır. Nazirlik müasir informasiya bankı sisteminin yaradılması, təkmilləşdirilməsi və digər sahələrdə də məqsədyönlü tədbirlər hazırlayıb həyata keçirir.
Müşavirədə çıxış edən büdcə təşkilatlarının rəhbərləri konkret təkliflər vermiş, həllini gözləyən vacib məsələlərdən söhbət açmışlar.
Müşavirə iştirakçılarının çoxsaylı suallarına cavab verilmiş, büdcə təşkilatlarının maliyyə idarələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.