İQTİSADİYYAT
Yanvar-fevral aylarında Azərbaycanda 5,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur
Bakı, 16 mart (AZƏRTAC). Cari ilin yanvar-fevral aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mədənçıxarma bölməsində 6,8 milyon ton neft, 3,1 milyard kubmetr təbii qaz və digər məhsullar hasil olunmuşdur ki, bu da ümumi məhsulun 71,6 faizini təşkil edir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizi qədər olmuşdur. Qida, toxuculuq, geyim, ağac emalı və ağac məmulatlarının, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, digər nəqliyyat vasitələrinin istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 8,8 faiz üstələmiş, neft-qaz sektorunda isə 4,8 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,1 faizi malların (əmtəələrin), 6,9 faizi sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 79,9 faizi özəl bölmədə istehsal olunmuşdur.