DÜNYA
Yaponiya Cənubi Koreyanı məhkəmənin qərarına müvafiq reaksiya verməyə çağırmaq niyyətindədir
Tokio, 31 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti Cənubi Koreyanı bu ölkənin Ali Məhkəməsinin hərbi dövrün kompensasiyaları ilə əlaqədar qərarına müvafiq reaksiya verməyə çağırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono məlumat verib.
Oktyabrın 30-da Cənubi Koreya məhkəməsi bu ölkənin dörd vətəndaşına İkinci Dünya müharibəsi zamanı poladəritmə zavodunda məcburi əməyə cəlb etdiyinə görə Yaponiya şirkətinin kompensasiya ödəməsi barədə qərar qəbul edib. Yaponiya hökumətinin məsələ ilə əlaqədar mövqeyinə görə, kompensasiyaların ödənilməsi barədə razılıq 1965-ci ildə iki ölkə arasında münasibətlərin normallaşması barədə müqaviləyə əlavədə öz əksini tapıb.
Yaponiyanın Baş naziri Şinzo Abe də məhkəmənin qərarını beynəlxalq hüququn normalarına zidd adlandırıb.
Xarici işlər naziri Taro Kono Cənubi Koreyanın Yaponiyadakı səfiri Li Su Xuanı nazirliyə çağırıb. Görüşdə T.Kono bildirib ki, həmin qərar iki ölkə arasındakı münasibətləri fundamental şəkildə təhrif edir.
Yaponiya hökuməti bildirib ki, əvvəlcə Cənubi Koreya hökumətinin məsələyə rəsmi mövqeyi öyrəniləcək və yalnız bundan sonra qeyri-hüquqi, xoşagəlməz vəziyyət yaranacağı təqdirdə yapon şirkətlərinə ziyan dəyməsinin qarşısını almaq üçün danışıqlara başlayacaq.
İki ölkə bu məsələni yoluna qoya bilməyəcəyi təqdirdə Yaponiya hökuməti ya üçüncü ölkəni dəvət etməklə arbitraj komissiyası yaradacaq, ya da beynəlxalq məhkəməyə müraciət edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio