DÜNYA
Yaponiya və ABŞ-ın maliyyə nazirləri Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları müzakirə ediblər
Tokio, 13 may, AZƏRTAC
Yaponiyanın maliyyə naziri Taro Aso amerikalı həmkarı Stiven Mnuçin ilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları müzakirə edib. Nazirlər bəyan ediblər ki, bu iki ölkə Şimali Koreyaya qarşı iqtisadi sanksiyaların tətbiqində sıx əməkdaşlıq edəcəklər.
T.Aso ilə S.Mnuçin arasında danışıqlar İtaliyada, G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü çərçivəsində baş tutub.
Böhran yaranacağı təqdirdə Yaponiyanın böyük qaçqınlar ordusu ilə qarşılacağını qeyd edən T.Aso bildirib ki, Şimali Koreyada vəziyyət gərgin olaraq qalır.
Görüş zamanı S.Mnuçin ötən ay ABŞ Prezidenti D.Tramp tərəfindən elan edilən vergi islahatları ilə bağlı plan barədə də məlumat verib. Həmin plan korporativ vergilərin 35 faizdən 15 faizədək azaldılmasını nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio