DÜNYA
Yaponiya və ABŞ-ın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Tokio, 17 yanvar, AZƏRTAC
Yaponiya və ABŞ-ın müdafiə idarələrinin rəhbərləri Çinin dənizdə artan fəallığı və digər regional məsələlər fonunda sıx əməkdaşlığı davam etdirəcəklərini bir daha təsdiq ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın müdafiə naziri Takeşi İvaya ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan ilə görüşüb. Bu, T.İvayanın Ceyms Mettisin cari ayın əvvəllərində istefasından sonra P.Şanaxan ilə ilk görüşüdür. Görüşdə iki ölkə arasında kosmosda və kiberməkanda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlinib. Tərəflər təsdiq ediblər ki, Yaponiya-ABŞ müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq, ABŞ Şərqi Çin dənizində yerləşən Senkaku adalarının müdafiəsi barədə öhdəliyinə sadiqdir. Həmin adalar qrupu Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da onlara iddialıdır.
T.İvaya və P.Şanaxan, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə və raket proqramlarından imtinasına yönələn sanksiyalarının həyata keçirilməsinə sonadək nail olmaq barədə də razılığa gəliblər. Nazirlər, həmçinin təsdiq ediblər ki, Cənubi Koreya da daxil olmaqla, üç ölkənin müdafiə sahəsində əməkdaşlığı Şimali Koreya və digər məsələlərin həlli üçün vacibdir.
Görüşdə T.İvaya P.Şanaxana ABŞ dəniz piyadalarının Futemma aviapostunun Okinava prefekturasının Henoko rayonuna köçürülməsi ilə bağlı aparılan torpaq işləri barədə də məlumat verib. Yapon nazir həmkarından ABŞ hərbi bazalarının yerli əhaliyə yaratdığı yükü azaltmaq üçün yardım göstərməyi də xahiş edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio