DÜNYA
Yaponiyanın Baş naziri Sinqapurda təşkil olunacaq təhlükəsizlik üzrə forumda iştirak etməyi planlaşdırır
Tokio, 11 may, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa Asiya-Sakit okean regionu üzrə iyunun 4-də və 5-də Sinqapurda təşkil olunacaq “Şanqri-la dialoq” forumunda iştirak etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 11-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Baş nazir təhlükəsizlik üzrə forumda bəyanatla çıxış edəcək.
Qeyd olunur ki, Yaponiya yüksək səviyyəli “Şanqri-la dialoq” forumunda son dəfə 2014-cü ildə təmsil olunub. Adətən Yaponiyanı həmin beynəlxalq tədbirdə ölkənin müdafiə naziri təmsil edir.
Asiya-Sakit okean regionunda təhlükəsizlik üzrə “Şanqri-la dialoq” forumu 2002-ci ildən başlayaraq hər il Sinqapurda təşkil edilir. Bu beynəlxalq tədbirin təşkilatçısı qismində Londonda yerləşən “Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu” çıxış edir. Foruma Asiya, Avropa ölkələri və ABŞ-ın müdafiə nazirləri qatılırlar. Adətən hər il mayın son istirahət günlərində təşkil edilən bu tədbir ötən il koronavirus pandemiyasına görə təxirə salınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio