DÜNYA
Yaponiyanın Baş naziri Şinzo Abe xalqa müraciət edib
Tokio, 2 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırdıqdan sonra xalqa müraciət edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir müraciətində “abenomika” adlanan iqtisadi siyasətini dəyişmək fikrində olmadığını, struktur islahatları apararaq əhalinin qocalması və sayının azalması problemlərini həll etməyə çalışacağını bəyan edib.
Baş nazir deyib: “Biz qarşıdakı üç il ərzində məhsuldarlığı artırmaq üçün investisiya ayrılmasını fəal şəkildə həyata keçirmək niyyətindəyik. Cəsarətli vergi və büdcə siyasətini tətbiq etmək üçün lazım olan bütün tədbirləri görəcək, həmçinin maliyyə sisteminin islahatlarını davam etdirəcəyik. Məhsuldarlığı əhəmiyyətli dərəcədə artıraraq ölkəni defilyasiyadan çıxaracağıq”.
Ş.Abe əlavə edib ki, ölkənin sosial təminat sisteminin islahatlarını davam etdirərək, onun bütün nəsillər üçün faydalı olmasına çalışacaq. Baş nazir vəd edib ki, vergi ödəmələri nəticəsində daxil olacaq gəlirləri pulsuz təhsilin tətbiqinə və yaşlılara qulluğun yaxşılaşdırılmasına yönəldəcək. Gələn həftə ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfər edəcəyini deyən Baş nazir bildirib ki, o, dünyanın müxtəlif ölkələrinin liderləri ilə əməkdaşlıq edərək qlobal problemləri, o cümlədən Şimali Koreya məsələsini həll etməyə çalışacaq.
“Biz Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafı və oğurlanmış əcnəbi vətəndaşlarla əlaqədar problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirəcəyik. Yaponiya beynəlxalq ictimaiyyətlə işi davam etdirərək, Şimali Koreyanın hakimiyyət orqanlarının siyasətini dəyişməsi üçün bu ölkəyə qarşı kəskin mövqeyində qalacaq”, - deyə Baş nazir Şinzo Abe əlavə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio