DÜNYA
Yaponiyanın “Hayabuşa-2” zondu Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirib
Tokio, 5 aprel, AZƏRTAC
Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) görə, “Hayabuşa-2” kosmik zondu çox güman ki, Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirərək asteroidin daxili quruluşunu öyrənmək üçün onun səthində krater yaradıb.
AZƏRTAC xəbər verir ki, zond martın 5-də yerli vaxtla saat 11:00-da asteroidin səthinə “impaktor” qurğusu buraxıb. Bundan 40 dəqiqə sonra “impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədib. “Hayabuşa-2” zondundan ayrılan kiçik kamera partlayışdan sonra ayrılan süxur parçalarının görüntüsünü lentə alıb. Həmin daş parçalarının krater yaranan zaman formalaşan “dalğa” şəklində olduğu bildirilir. Bu isə o deməkdir ki, həmin qurğu asteroidi deşmək vəzifəsini uğurla yerinə yetirib.
JAXA bundan sonra zondu kraterin üzərinə yönəltməyi və aprelin sonunadək kraterin daxili quruluşunu dəqiqləşdirməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio