SİYASƏT


Yaponiyanın “Nippon AM” radiosunda Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Tokio, 7 yanvar, AZƏRTAC 

Yaponiyanın “Nippon AM” radiosunda Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişdə “Cross Border Club” şirkətinin meneceri, “World Investors TV” internet televiziyasının prodüseri Kazuyasu İşida və verilişin aparıcısı Kuroki Hitomi Azərbaycan haqqında, o cümlədən ölkəmizin coğrafi mövqeyi, əhalisi, tarixi, mədəniyyəti, müstəqilliyin bərpa edilməsindən ötən dövrdə əldə edilən uğurlar barədə də yapon dinləyicilərə ətraflı məlumat veriblər.

Son illər Azərbaycan və Yaponiya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirən K.İşida müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” və “Land of fire Azerbaijan” kitabları barədə də danışıb. Birinci kitabın yapon iş adamları üçün nəzərdə tutulduğunu, digərinin isə ölkəmizin görməli yerləri, mədəniyyəti, turizm imkanları haqqında olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycana dəfələrlə səyahət etdiyini deyən K.İşida Bakı şəhərinin gözəlliyinin ziyarətçiləri valeh etdiyini xüsusi vurğulayıb. Azərbaycan paytaxtının yalnız müasir tikililəri ilə deyil, eyni zamanda, tarixi abidələri ilə də diqqəti cəlb etdiyini vurğulayıb.

Qeyd edək ki, radionun internet səhifəsində veriliş barədə məlumatda Bakının görməli yerləri barədə fotolar da yerləşdirilib.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən K.İşida veriliş boyunca aparıcı Kuroki Hitominin və dinləyicilərin ölkəmiz haqda çoxsaylı suallarını cavablandırdığını da deyib. Bildirib ki, bu, Yaponiyada Azərbaycana olan marağın gündən-günə daha da artdığını təsdiq edir.

Bütün Yaponiya ərazisində yayımlanan verilişdə beş gün ərzində Azərbaycan haqqında məlumatların yapon tamaşaçılara çatdırılması nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.