DÜNYA
Yaponiyanın Sapporo şəhərində 63-cü Beynəlxalq qar fiqurları festivalı keçirilir
Tokio, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində 63-cü qar fiqurları festivalı - “Yuki Maçuri” başlamışdır.
“Yuki Maçuri” qış fəslində Yaponiyada təşkil edilmiş ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər.
Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün bu şəhərə axışır. Şəhərin mərkəzi Susikino küçəsi boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir.
Sapporo festivalının əsasını 1950-ci ildə şəhərin mərkəzində buzdan altı fiqur düzəltmiş məktəblilər qoymuşlar. Festivalda qardan düzəldilmiş fiqurlarla yanaşı, karnavalın və qar topu oyunun təşkili buraya 50 minədək insanın toplaşmasına səbəb olmuşdu.
Həmin vaxtdan etibarən festival Sapporonu məşhurlaşdıraraq, şəhərin qış vizit qartına çevrilmiş, bütün Yaponiyada çox geniş şöhrət qazanmışdır.
1953-cü ildə festival çərçivəsində ilk dəfə 15 metr hündürlüyündə fiqur - Syoten quraşdırılmışdır. Artıq 1959-cu ildə festivalın 10 illiyi zamanı fiqurların hazırlanmasında 2500-dən artıq həvəskar heykəltəraş iştirak etmiş, mətbuat festival haqqında ilk dəfə geniş məlumatlar yaymışdır.
1972-ci ildə Sapporonun Qış Olimpiya Oyunlarının mərkəzi seçilməsi isə festival haqqında artıq Yaponiyadan çox-çox uzaqlarda, bütün dünyada məlumatların yayılmasına səbəb olmuşdur.
Bu gün Sapporo qar fiqurlar festivalı məşhur beynəlxalq tədbirə çevrilmişdir və davam etdiyi müddətdə öz ətrafına milyonlarla insan toplayır. Burada nümayiş etdirilən qar fiqurları isə onlarla ölkədən gəlmiş həvəskar heykəltəraşlar düzəltmişlər.
Dünyanın məşhur memarlıq nümunələri - Hindistanın Tac-Mahalı, Yaponiyanın Çuruqa qəsri, Tayvanın Milli muzeyinin binası və onlarla digər fiqurlar festival iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edir. Burada uşaqların sevimli cizgi filmlərinin çoxsaylı qəhrəmanlarına da rast gələ bilərsiniz. Yaponların dəniz quldurları haqqında yaratdığı məşhur “Van Pis” animesinin qəhrəmanları da festivalın nəhəng fiqurları cərgəsindədir.
Bir həftə davam edəcək festival fevralın 12-də möhtəşəm yekun tədbiri ilə başa çatacaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio