DÜNYA
Yaponiyanın və Çinin yüksək vəzifəli diplomatları Si Cinpinin səfərinə hazırlıq görürlər
Tokio, 28 fevral, AZƏRTAC
Yaponiyanın və Çinin yüksək vəzifəli diplomatları Çin Xalq Respublikasını Sədri Si Cinpinin apreldə Yaponiyaya gözlənilən səfərinin müsbət nəticələr verməsi üçün qarşılıqlı fəaliyyəti intensivləşdirməkdə davam edirlər.
AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, fevralın 28-də Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi və Çinin beynəlxalq məsələlər üzrə məsul şəxsi olan Yan Tszeçi Tokioda bir araya gəliblər.
Hər iki ölkənin yayılmaqda davam edən yeni koronavirusun qarşısının alınması ilə bağlı çalışdığını qeyd edən T.Moteqi vəziyyətin tezliklə sabitləşəcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, o, hər iki ölkənin antivirus tədbirləri ilə əlaqədar sıx əməkdaşlığı uğurla davam etdirəcəyinə əmindir.
Çin rəsmisi isə bildirib ki, yoluxucu xəstəliyin qarşısının alınması ilə bağlı iki ölkə arasında uğurlu əməkdaşlıq var və o, bunun ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əmindir.
Görüşdən sonra jurnalistlərə məlumat verən T.Moteqi bildirib ki, hazırda Si Cinpinin Yaponiyaya səfəri ilə bağlı planda heç bir dəyişiklik nəzərdə tutulmur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio