CƏMİYYƏT
Yaqut Qarayeva: Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 8-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva qeyd edib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: "Eyni zamanda, ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin fəaliyyətinin nəticəsidir”.
Onun sözlərinə görə, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır: "Biz bu gün açılışlara gedirik, və bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq".