REGİONLAR
Yarım ildə Sabirabadda süni mayalanma yolu ilə 3 min başdan çox buzov alınıb
Sabirabad, 29 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, süni mayalanmaya xüsusi diqqət yetirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün maldarlara dövlət tərəfindən 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadəyə marağı daha da artırır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 14 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bu ilin altı ayında bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 4 min 750 baş ana inək və düyədən 3 min 393 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 72 bala demək. Doğulan buzovlara görə maldarlara 339 min 300 manat subsidiya ödənilib.
Rayonda fəaliyyət göstərən “Halal” Kəndli Fermer təsərrüfatının rəhbəri Vaqif Şıxalıyev bildirib ki, təsərrüfatımızda bəslənilən mal-qaranın hamısı cins tərkibi yaxşılaşdırılmış heyvanlardır. Bu heyvanların həm diri çəkisi, həm də südü yerli heyvanlardan 4-5 dəfə çox olur. Ona görə də, təsərrüfatımızda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetiririk.
Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 121 min 595 baş ana inək və düyə saxlanılır ki, onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.