CƏMİYYƏT
Yasamal rayonu ərazisində insan skeletinin qalıqlarının aşkarlanması ilə əlaqədar araşdırma aparılır
Bakı, 15 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonu, kənar Dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkarlanması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
K.Zeynalov bildirib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkarlanmış insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.