CƏMİYYƏT
Yasamal rayonunda ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 18 aprel, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, aprelin 11-də ölkəmizdə şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini əks etdirib. Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb.
Respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi, Bakının Yasamal rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyən icra başçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb. Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Yasamal rayonunda pilot layihə əsasında qəzalı və yaşayış üçün yararsız, hətta bəzi hallarda həyat üçün təhlükəli 9 binanın sökülüb yenidən tikilməsi işləri uğurla həyata keçirilir. Bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılıb və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilir. Bu kompleksdə inşa olunacaq 29 yaşayış binasından 4-nün mənzillərinin bu il mayın 7-dən başlayaraq satışına başlanılacaq.
Hesabat iclasında digər çıxış edənlər ölkədə gedən iqtisadi islahatlardan danışıb, dövlətimizin başçısı İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona sonsuz sevgisi və hədsiz inamı kimi dəyərləndiriblər.