CƏMİYYƏT
Yasamal rayonunda keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 nəfər saxlanılıb VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 50 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlərdə keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Polis əməkdaşları Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.