SİYASƏT
“Yaşıl İğdır” qəzeti ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edib
Ankara, 17 iyun, AZƏRTAC
Türkiyənin çoxtirajlı “Yaşıl İğdır” qəzetində “Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərində” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın müəllifi olduğu məqalədə Ümummilli Liderin zəngin siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri ətraflı təhlil edilib. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyində keçdiyi çətin və şərəfli siyasi yol, Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin qorunması istiqamətlərində qəbul etdiyi tarixi qərarlar barədə türkdilli oxuculara müfəssəl məlumat verən müəllif iki qardaş ölkə arasındakı əlaqələrin inkişafında Heydər Əliyevin rolundan ətraflı bəhs edir. Məqalədə, həmçinin Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının nəticələri sadalanır, xalqımızın xilaskar oğlu ilə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün həyat amalları, prinsipləri və xidmətləri arasındaki uyğunluqlardan danışılır.
Sonda Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” və ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadələri xatırlanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara