REGİONLAR
“Yay Fest”də “Könüllülük” həftəsinə start verilib
Şamaxı, 10 avqust, AZƏRTAC
Şamaxıda Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest”in dördüncü - “Könüllülük” həftəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin müxtəlif bölgələrini təmsil edən 250 nəfərə yaxın gənci bir araya gətirən “Könüllülük” həftəsinin açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllü hərəkatının genişləndirilməsi və inkişafı istiqamətində görülən işlər və cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilən könüllülük ruhunun daha geniş vüsət alması barədə düşərgə iştirakçılarına geniş məlumat veriblər. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində yüz minlərlə azərbaycanlı gənc müxtəlif sahələrdə könüllü qismində çıxış edərək bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanır.
Sonra “Yay Fest”in “Könüllülük” həftəsinin açılış mərasimində keçirilən konsert proqramı çərçivəsində könüllülərin ifasında musiqi kompozisiyaları səsləndirilib, milli rəqslər və teatr tamaşası nümayiş olunub.
Düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada müxtəlif mövzular üzrə dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri, Vətən müharibəsi qaziləri ilə görüşlər, idman oyunları, intellektual oyunlar, müxtəlif məsələləri əhatə edən peşəkar təlimlər, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq. Düşərgədə gənclər üçün komanda quruculuğu, karyera inkişafı, ideyaların reallaşdırılması, gənclər siyasəti, blogerlik fəaliyyəti, özəl sektorda könüllülük və aktuallıq kəsb edən bir sıra digər məsələlərlə bağlı təlimlər olacaq.
Sentyabrın 9-dək keçiriləcək “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu ("Tələbəlik", "Dəmir Yumruq", "Yaradıcılıq", "Könüllülük", "SDG Camp", "Karyera və İnkişaf", "İdeyadan Biznesə" və "Həmrəylik") üzrə düşərgələr təşkil olunur.
Artıq üçüncü dəfə baş tutan “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.